CƏMİYYƏT


Nazirlikdə Amerika Ticarət Palatası ilə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb

Bakı, 5 iyul, AZƏRTAC

Əmək və məşğulluq sahəsində dövlət siyasətinin icrası, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, eyni zamanda, qeyri-rəsmi məşğulluğun qarşısının alınması işlərində sahibkarlarla daha fəal əməkdaşlıq qurmaq əsas hədəflərimizdən biridir.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə keçirilən görüşdə deyib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək hüquqlarının təminatı, habelə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirləri diqqətə çatdıran nazir “AmCham Azərbaycan”la bu sahədə, ümumən işçilərin sosial sığorta sistemində iştirak səviyyəsinin artırılması məqsədilə fəal əməkdaşlığın həyata keçirilməsinin faydalı ola biləcəyini bildirib. Qeyd olunub ki, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasında işəgötürənlərlə işin düzgün və məqsədyönlü təşkili vacib şərtlərdən biridir. İşəgötürənlər, o cümlədən “AmCham Azərbaycan”da təmsil olunan şirkətlər tərəfindən məşğulluq orqanlarına vakansiyalar verilərkən işçi qüvvəsinə tələbat ətraflı şəkildə qeyd edilməlidir. Bu tələblər, eyni zamanda, hansı peşələr üzrə işçi qüvvəsinə ehtiyac olduğu barədə məlumatlar verilməsi peşə hazırlığı kurslarının təşkilində, həmçinin peşə standartlarının hazırlanmasında çox əhəmiyyətlidir. Hazırda məşğulluq xidmətləri üzrə portalın yaradılması nəzərdə tutulur ki, həmin portalda şirkətlər təkcə vakansiyaları deyil, qeyd olunan məlumatları da yerləşdirə biləcəklər.

Nazir ümumən korporativ sosial məsuliyyət prinsipi çərçivəsində aktiv əmək bazarı proqramlarının hazırlanması və icrasında, əlilliyi olan şəxslər üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsində sistemli əməkdaşlığın mümkün olduğunu, “AmCham Azərbaycan”ın bu sahələrdə öz dəstəyini verə biləcəyini qeyd edib.

Nazir əmək qanunvericiliyinə əməl olunmasına nəzarət sisteminin İKT imkanlarından istifadə olunmaqla müasir əsaslar üzərində təkmilləşdiriləcəyini, bu sahədə tam şəffaf elektron nəzarət sisteminin qurulacağını, bir sıra sahələr, o cümlədən tikinti sektoru üzrə sosial sığorta daxilolmalarının miqdarının müəyyən olunması ilə bağlı əməktutumlu normativlərin hazırlanmasının nəzərdə tutulduğunu bildirib. O, sosial sığorta, işsizlik sığortası barədə şirkətlər arasında geniş maarifləndirmə işlərinin aparılması sahəsində də palata ilə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində aparılan islahatları, əmək bazarının qanunvericilik aktları əsasında tənzimlənməsi üçün görülən işləri maraqla izlədiklərini qeyd edib. Palatanın rəhbəri nazirliklə sıx əməkdaşlıqdan məmnun olduqlarını və əməkdaşlığın əmək qanunvericiliyinin təkmilləşdirilməsi işlərini də əhatə etdiyini bildirib. Palatanın ayrı-ayrı nümayəndələri qarşılıqlı məlumat mübadiləsi və müzakirələrə, müvafiq təkliflərin ifadə olunmasına imkan verən belə görüşlərin sosial dialoqun güclənməsinə xidmət etdiyini diqqətə çatdırıblar.

Görüşdə nazirliyin fəaliyyət sahələrində aparılan islahatlar, əmək bazarının tənzimlənməsi, biznes qurumlarında əmək qanunvericiliyinin tətbiqi sahəsində görülən işlərə dair qarşılıqlı məlumat mübadiləsi aparılıb. Əmək, məşğulluq və sosial sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər səslənib və müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.