CƏMİYYƏT
Nazirlikdə övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə işçi qrup yaradılıb
Bakı, 1 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu yaradılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işçi qrupun görəcəyi işlərə dair iş planı təsdiq edilib.
Planda nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması, övladlığagötürmə prosesinin mərkəzləşdirilmiş vahid elektron uçotunun və idarəetmə sisteminin qurulmasının təmin edilməsi üçün funksional tələblərin hazırlanması öz əksini tapıb. “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə” qaydaların və övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və s. kimi işlər də plana daxildir.
İşçi qrupu plana əsasən, eyni zamanda, yaradılacaq altsistemə inteqrasiya olunacaq qurumların informasiya sistemləri və ehtiyatlarının siyahısına, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran dəstəkləyici tədbirlərə və mexanizmlərə dair təkliflər hazırlayacaq. Övladlığagötürmə sahəsində islahatlar və görüləcək tədbirlər barədə ictimaiyyətin ardıcıl və geniş məlumatlandırılması da təmin ediləcək.
İşçi qrupun ilk iclasında altsistemin yaradılması, övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və s. ilə əlaqədar görüləcək işlər müzakirə olunub, təkliflər verilib.