ELM VƏ TƏHSİL


Nazirliyin əməkdaşları tələbələr üçün təlim keçiblər

Bakı, 28 noyabr, AZƏRTAC 

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin biznes və iqtisadiyyat fakültəsində maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələr üçün növbəti təlim keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov təlimin mövzusu haqqında məlumat verib.

Dekan bildirib ki, “Mühasibat uçotu haqqında” qanuna edilən köklü dəyişikliklər bu sahəyə ciddi yeniliklər gətirib. Beynəlxalq mühasibət uçotu standartlarına keçid başlayıb. Təlimin birinci hissəsi dəyişikliklərin izahına həsr olunur. İkinci hissədə isə tələbələr həm iş, həm də sosial həyatda vaxtın idarə edilməsinin əsasları ilə tanış olacaqlar.

Tədris Mərkəzinin iqtisadiyyat və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qalib Tanrıverdiyev “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər və bu dəyişikliklərin vergi məqsədləri üçün tətbiqi” mövzusunda mühazirə oxuyub. O, “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər, qanunun ümumi strukturu və əsas dəyişikliklər, qanunun əsas anlayışları, mühasibat uçotu sahəsində tənzimlənmə və nəzarət, ölkəmizdə tətbiq edilən mühasibat uçotu standartları, peşəkar mühasib sertifikatının verilməsi və digər məsələlər barədə məlumat verib.

Təlimin ikinci hissəsində isə iştirakçılar mərkəzin iqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyevin “İş bölgüsü prosesində vaxtın idarə edilməsi” mövzusunda mühazirəsini dinləyiblər. O, vaxtın ölçülməsi, Lotar Zayvertin “Faydalı iş” düsturu, faydalı iş vaxtı, vaxtın idarə edilməsinin əhəmiyyəti və mərhələləri, prioritetlərin müəyyən edilməsində “Eyzenhauer prinsipi”, işlərin planlaşdırılması alətləri və bu kimi anlayışlara aydınlıq gətirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.