REGİONLAR
“Nə? Harada? Nə vaxt?” intellektual oyununda 15 komanda mübarizə aparıb
Bərdə, 25 yanvar, AZƏRTAC
Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə rayon gənclər və idman idarəsinin təhsil şöbəsi ilə birgə keçirdiyi “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə rayon çempionatında 15 ümumi təhsil müəssisəsinin komandaları iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Avtab Cəbrayılova və təhsil şöbəsinin metodisti Vüsal Quliyev çıxış edərək, iştirakçıları qarşıdan gələn 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar.
Çıxışlardan sonra yarış başlayıb. Əsasnaməyə uyğun olaraq bir mərhələdə keçirilən yarışda komandalara 30 sual verilib.
Gərgin mübarizə şəraitində keçən yarışda daha yüksək intellektual oyun nümayiş etdirən Bərdə şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci, 8 nömrəli tam orta məktəbin komandası ikinci, 7 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandalar Gənclər Günü münasibətilə keçiriləcək rayon tədbirində müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.