CƏMİYYƏT


Nə qədər ki koronavirusa qarşı peyvənd tapılmayıb, hər kəs ikiqat məsuliyyətli olmalıdır

Bakı, 9 sentyabr, AZƏRTAC

2020-ci il dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə ili kimi yaddaşlarda qalacaq. Pandemiya bütün dünya əhalisi üçün sanki bir sınaq oldu. Müxtəlif ölkələr və xalqlar hadisələrə göstərdikləri sosial məsuliyyətləri baxımından test olundular.

Dövlətimiz infeksiyanın yayıldığı ilkin mərhələdə vəziyyəti ciddi nəzarət altında saxlayaraq əhalinin sağlamlıq, təhlükəsizlik və sosial rifahının təmin edilməsi sahəsində bütün lazımi tədbirləri çevik şəkildə həyata keçirdi. Bakı şəhəri və regionlarda müasir texniki təchizatı olan modul tipli xəstəxanaların quraşdırılması, yeni tibb müəssisələrinin açılması, ölkənin səhiyyə sisteminin əlavə 4100 çarpayılıq ehtiyat yeri ilə təmin olunması, sərt karantin dövründə işsizlərə, əhalinin aztəminatlı təbəqəsinə, həmçinin pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəyən zərərin azaldılması məqsədilə sosial və maliyyə dəstəyinin göstərilməsi və bu istiqamətdə görülən digər işlər dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının ən bariz nümunəsidir.

Bunu AZƏRTAC-a verdiyi müsahibədə "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva bildirib.

O, fikrini davam etdirərək deyib: “Çox qısa vaxtda 45 müasir laboratoriyanın açılması, 900 mindən çox test keçirilməsi ölkəmizdə insan sağlamlığı və həyatının qorunmasına göstərilən qayğının ifadəsidir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya ölkələri arasında öncül mövqe tutur. Həkimlərə xüsusi diqqət göstərilməsi, səhiyyə sistemində çalışanların daim dövlət qayğısı ilə əhatə olunması, Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan həkimlərin ölkəmizə dəvət edilməsi bu sahədə çox böyük və müsbət nəticələr əldə edilməsinə səbəb oldu”.

İctimai Birliyin sədri qeyd edib ki, COVID-19-la mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir: “Məlum məsələdir ki, pandemiya ilə mübarizədə birgə səylər hesabına, qüvvələrin səfərbərliyi və COVID-19-dan qorunma qaydalarına ciddi şəkildə əməl etdikdə qalib gəlmək olar. İndiki mərhələdə karantin rejiminin mərhələli şəkildə aparılan yumşaldılma prosesində artıq əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Statistikada əldə olunan müsbət dinamikanı saxlamaq və yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır. Fəaliyyətə başlayan sahibkar subyektləri də, onların fəaliyyət sahələrini tənzimləyən COVID-19 infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə əsasən işlərini qurmalı və buna ciddi riayət etməlidirlər.

Pandemiyanın bütün dünyaya verdiyi mesajdan hər kəs özü üçün nəticə çıxarmalıdır. Qlobal ekoloji dəyişikliklər dövründə COVID-19 və ya yarana biləcək digər viruslarla birgə mühitdə yaşamağı öyrənməlidirlər. Müvafiq gigiyenik qaydalara riayət edilməsi artıq vərdiş halını almalıdır. Hər hansı çətin situasiyada əsas məsələ meydana çıxan problemin dərki və qəbul olunmasıdır. Məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə, çıxış və həll yolları da bir o qədər asanlaşar. Düşüncələrin dəyişməsi, hadisəyə yeni gözlə baxılması və problemin həlli sahəsində məntiqə uyğun addımlar atılması ən başlıca məsələdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın dünya tibb təcrübəsinə əsasən müəyyənləşdirdiyi qaydaların icrası pandemiyadan az itki ilə çıxmağın ən optimal yoludur. Evdə qalıb şəxsi gigiyena qaydalarına əməl etməklə təcrid olunmaq da mübarizə mərhələlərində müstəsna rol oynayır”.

“İnsanlar karantin qaydaları ilə yaşamağı öyrənirlər. Amma bu, qətiyyən arxayınçılıq hissi yaratmamalıdır. Yay fəsli sona çatır, payızın nəfəsi yavaş-yavaş hiss olunmağa başlayır. Fəsil dəyişkənliyi, xüsusən yaydan payıza keçid zamanı infeksion xəstəliklər artır. Nə qədər ki, amansız və dava-dərmansız koronavirusdan müdafiə mexanizmi, yəni, peyvənd tapılmayıb, ikiqat məsuliyyət hissi yol yoldaşımız olmalıdır. İnsanlarımız yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini və çevrələrini qoruya bilərlər”, - deyə Ziba Nəbiyeva fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.