REGİONLAR
Nəbatat bağındakı təcrübə sahəsində nümunələrin biçininə başlanılıb
Naxçıvan, 7 iyul, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun “Nəbatat bağı”ndakı təcrübə sahəsində buğda sort və hibridlərinin toxumları üzərində tədqiqat işləri davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sahədə həmin hibridlərin yığımına başlanılıb. Laboratoriya rəhbəri Pərviz Fətullayevin sözlərinə görə, laboratoriya şəraitində nümunələrin məhsuldarlığı, bir sünbüldəki dənin sayı, çəkisi və ən sonda isə keyfiyyət analizləri aparılacaqdır. Analizlərin sonunda öz müsbət xüsusiyyətlərinə görə seçilən hibridlər növbəti ildə əkilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sort sınaq məntəqələrinə təqdim olunacaq.
Məhsuldar taxıl sortları yetişdirilərkən onun yerli iqlim şəraitinə uyğunluğuna, xəstəliyə, quraqlığa davamlı olmasına da diqqət yetirilir. Sahədə 6 ildən artıqdır ki, buğda sort və hibridlərinin toxumları tədqiq olunur. Bu günə qədər onlarla yerli və məhsuldar taxıl sortu müəyyənləşdirilərək əkininə başlanılıb.
Qeyd edək ki, sahədə 45 bərk buğda hibridi, 41 yumşaq buğda hibridi və 40 müxtəlif sortlar var.