SİYASƏT
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
Ankara, 19 oktyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşünün yüksək təşkilatçılıqla keçirilməsi qurumun siyasi nüfuzunu daha da yüksəltdi. Təşkilatın tərkibinin genişlənməsi, Bakı Sammitində qəbul edilən qərarlar üzv ölkələrin maraq və mənafelərini tam şəkildə əks etdirdi. Mövcud birlik çağırışları tarixin hökmü kimi yaddaşlarımıza həkk oldu. Görünən budur ki, Türk Şurası yaxın gələcəkdə ətrafına yeni-yeni tərəfdarlar toplaya biləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar ifadə edib.
Bakı Zirvə Görüşündə Türkiyə rəsmi nümayəndə heyətində təmsil olunan N.Ünüvar deyib: “Azərbaycana hər gəlişimiz ömrümüzün xoş xatirələrini daha da zənginləşdirir. Sevindiricidir ki, ümummilli lider Heydər Əliyevin bütün ideyaları, arzu və istəkləri bir-birini tamamlayaraq reallığa çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycanın əldə etdiyi bütün uğurları sevinclə qarşılayırıq. Əlamətdar haldır ki, bütün bu uğurlar Türk Şurasının Bakı Zirvəsində təmsil olunan liderlər tərəfindən də xüsusi bir səmimiyyətlə ifadə olundu. Ən böyük arzumuz budur ki, Azərbaycan var olsun, həmişə daha uca zirvələri fəth etsin”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara