CƏMİYYƏT
Necdet Ünüvar: Türkiyə və Azərbaycanın çətin və ağır günlərdə bir-birinin yanında olmasından şərəf duyuruq
Ankara, 16 iyul, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Zəfərlə 2016-cı il iyulun 15-də Türkiyə xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşərək dövlət çevrilişi cəhdinin qarşısını qətiyyətlə alması dövlətlərimiz və xalqlarımız üçün eyni məna daşıyan rəşadətin təntənəsidir. Çünki hər iki məsələ dövlətlərimizin və xalqlarımızın taleyini həll edirdi. Türkiyə və Azərbaycanın çətin və ağır günlərdə bir-birinin yanında olmasından şərəf duyuruq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlamasını və telefonla zəng etməsini qardaşlıq nümunəsi kimi dəyərləndirən rektor deyib: “Türkiyə xalqı beş il əvvəl yumruq kimi birləşərək ağır sınaqdan üzüağ çıxdı və öz dövlətini qorudu. Azərbaycan hər zaman olduğu kimi, 15 iyul hadisələrinə qarşı da etiraz səsini ucaldaraq Türkiyənin yanında oldu. Bunu unutmayacağıq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara