İDMAN


Nəcəf Novruzov: Gənclərimiz fəaliyyətləri ilə fərqlənməli və yeni nəsil üçün nümunə olmağa çalışmalıdırlar

Nəcəf Novruzov: Gənclərimiz fəaliyyətləri ilə fərqlənməli və yeni nəsil üçün nümunə olmağa çalışmalıdırlar

Bakı, 10 aprel, AZƏRTAC

Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycan həm də, idman ölkəsi kimi böyük nüfuz qazanıb. Təmsilçilərimizin müxtəlif növlər üzrə yüksək nəticələr əldə etmələri, beynəlxalq arenalarda keçirilən mötəbər yarışlarda parlaq nailiyyətlərə imza atmaları ölkəmizin idman şöhrətini getdikcə yüksəldir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

O qeyd edib ki, bu günlərdə Budapeştdə keçirilmiş Avropa çempionatında Azərbaycan komandası inamla çıxış edərək komanda hesabında birinci yeri tutub. Güləş üzrə komandamız Avropa çempionatında daha bir parlaq nailiyyətə imza atmaqla, bu sahədə güclü potensialın mövcudluğunu sübut edib. N.Novruzov Azərbaycan idmançılarının gələcəkdə daha böyük qələbələr qazanması üçün geniş imkanların olduğunu vurğulayıb: “Digər sahələrdə olduğu kimi, idmanda da gənclərimiz parlaq nəticələri ilə fərqlənməkdə davam edirlər. Bu gün Azərbaycanda ən müasir standartlara cavab verən idman infrastrukturunun olması, paytaxt Bakıda, eləcə də bölgələrdə bu sahənin inkişafı üçün hərtərəfli şəraitin yaradılması gələcək nailiyyətlərimizi şərtləndirən əsas amillərdəndir. Ölkəmizin təmsilçilərinin beynəlxalq arenalarda yüksək səviyyədə çıxış etmələri bir tərəfdən dövlətimizin idmanın inkişafına göstərdiyi diqqət və qayğısının, digər tərəfdən də gənc nəslin vətənpərvər, milli ruhda tərbiyə olunmasının nəticəsidir”.

İdarə rəisi ölkəmizdə gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olmasının 44 günlük şanlı Vətən müharibəsində həlledici rol oynadığını, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin müharibədə əsas missiyanı yerinə yetirdiklərini vurğulayıb.

Qeyd edib ki, bu günlərdə Prezident İlham Əliyevin Budapeştdə keçirilmiş Avropa çempionatında uğurla çıxış etmiş güləşçilərlə görüşməsi gənclərimiz üçün daha bir stimuldur: “Prezident İlham Əliyev Budapeştdə keçirilmiş Avropa çempionatında uğurla çıxış etmiş güləşçilərlə görüşündə istənilən idman növündə birinci olmağın böyük uğur hesab etdiyini bildirib və Azərbaycan xalqının idmançılarımızdan yeni qələbələr gözlədiyini vurğulayıb. Bu görüş gənclərimizi yeni nailiyyətlər qazanmağa ruhlandıran növbəti təkan oldu. Bundan sonra gənclərimiz dövlət tərəfindən onların hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən fəal şəkildə bəhrələnərək bütün sahələrdə daha böyük zirvələr fəth etməli, eyni zamanda, öz fəaliyyətləri ilə seçilməli və yeni nəsil üçün nümunə olmağa çalışmalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.