İQTİSADİYYAT
Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası 2025-ci ilədək başa çatacaq
Bakı, 30 avqust, AZƏRTAC
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib.
N.Allahverdiyev qeyd edib ki, hazırda zavodda 5 qurğu istismardadır. 2021-ci ilədək zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatdırılacaq.
Onun sözlərinə görə, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan bitum istehsalı qurğusu və maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Layihənin növbəti mərhələləri üzrə işlər iki yerə - yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb.
Paket A üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın “Tecnimot-KT” alyansı cəlb edilib. Bu paket çərçivəsində dizel yanacağının hidrotəmizlənməsi, benzinin hidrotəmizlənməsi, kükürdün alınması, izomerləşmə, MTBE, hidrogen alınma, maye qazın hidrotəmizlənməsi üzrə merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşaşı nəzərdə tutulub. Bu paket üzrə detallı layihələndirmə işləri təxminən 90 faiz, satınalma işləri 72 faiz, tikinti işləri isə 17 faiz icra olunub. Paket B-nin icrası üçün İspaniyanın “Tecnicas Reunidas” şirkəti cəlb edilib. Layihə üzrə ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının, mövcud ümümzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulub.