ELM VƏ TƏHSİL


Neft Fondu gənclərin xarici ölkələrdə təhsilinin maliyyələşdirilməsinə 210 milyon manatdan çox vəsait sərf edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il oktyabrın 1-dək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” maliyyələşdirilməsinə 210 milyon manatdan çox vəsait sərf edib.

AZƏRTAC ARDNF-ə istinadla xəbər verir ki, Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 210 milyon 758,3 min manat, o cümlədən bu ilin 3 rübü üzrə 5 milyon 312,5 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (3 milyon 16 min manat), təhsil haqqı (1 milyon 937,7 min manat), yol (244,8 min manat), sığorta (111,9 min manat), viza və qeydiyyat (2,1 min manat) xərclərinin ödənilməsinə yönəldilib.

Dövlət proqramı çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1faiz), Almaniya (12,4 faiz), Kanada (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (79 faiz) magistratura və bakalavr pillələrində təhsillərini davam etdirirlər. Belə ki, proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 1180 nəfəri bakalavr, 1430 nəfəri isə magistratura pilləsində oxuyurlar.

Xarici ölkələrin universitetlərində magistratura pilləsində təhsil alan tələbələrin əksər hissəsi iqtisadiyyat və idarəetmə (722 nəfər), sənaye (138 nəfər), hüquq (120 nəfər) informasiya və kommunikasiya texnologiyaları (118 nəfər) sahələrində oxuyurlar. Bakalavr pilləsində tələbələrin əksəriyyəti magistratura pilləsində olduğu kimi əsasən iqtisadiyyat və idarəetmə (320 nəfər) sahəsində təhsil alırlar.

Bunlarla yanaşı, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin bir qismi (692 nəfər və ya 21 faiz) təhsilin digər pillələrində - aspirantura, ordinatura, rezidentura və doktorantura sahələrində təhsil alırlar. Bu pillələrdə oxuyan tələbələrin əksəriyyəti (587 nəfər) tibb sahəsində təhsil alır. Eyni zamanda, onlar arasında elm sahəsində (27 nəfər), iqtisadiyyat və idarəetmə (22 nəfər), hüquq (17 nəfər), sənaye (14 nəfər) və sair (25 nəfər)sahələrdə təhsil alanlar vardır.

Dövlət proqramı çərçivəsində Təhsil Nazirliyi ilə Fransanın Dövlət Orta və Ali Təhsilin Təşkili Mərkəzi (CNOUS), Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD), ABŞ-ın Fulbright və Rusiyanın Avrasiya Tədqiqatlar İnstitutu ilə bağlanmış sazişlər əsasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili təşkil edilir. Bu cür tərəfdaş proqramlar vasitəsilə ümumilikdə 244 nəfər Fransa (49 nəfər), Almaniya (175 nəfər), ABŞ (19 nəfər) və Rusiyanın (4 nəfər) universitetlərində təhsil alırlar.

Oktyabrın 1-nə olan məlumata görə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı 1912 nəfər təşkil edir. Məzunların əksər hissəsi - 733 nəfəri Böyük Britaniya, 294 nəfəri Türkiyə, 149 nəfəri Almaniya, 110 nəfəri Niderland, 98 nəfəri Rusiya, 73 nəfəri ABŞ-da təhsillərini uğurla bitiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.