İQTİSADİYYAT
Neft Fondu ötən il Xəzərdə müasir üzən qazma qurğusunun maliyyələşdirilməsinə 287,6 milyon dollar yönəldib
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2015-ci ildə Xəzər dənizində yeni, müasir üzən qazma qurğusuna investisiya üzrə 287,6 milyon ABŞ dolları və yaxud 300,6 milyon manat ekvivalentində vəsait ARDNF-nin bu layihədə iştirak payının (nizamnamə kapitalının) maliyyələşdirilməsinə yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2015-ci ildəki fəaliyyəti və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında məlumat verilir. Bildirilir ki, layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları təşkil edir. Layihə büdcəsinin vəsaitinin mənbəyi layihə üzrə sifarişçi funksiyasını həyata keçirmək məqsədilə yaradılmış “Azerbaijan Rigs” MMC-nin 10 faizi SOCAR-ın və 90 faizi ARDNF-in vəsaiti hesabına formalaşan nizamnamə kapitalıdır. Nizamnamə kapitalı layihə üzrə bağlanmış podrat və subpodrat müqavilələrinə əsasən vaxtı çatan ödənişlərin edilməsi üçün lazım olan məbləğdə artırılmaqla mərhələli şəkildə formalaşdırılır. Layihə üzrə podratçı funksiyalarının yerinə yetirilməsi layihənin sifarişçisi ilə 2013-cü il iyunun 24-də bağlanmış baş podrat müqaviləsinə əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, təsisçiliyi ilə yaradılan və Xəzər dənizində mövcud üzən qazma qurğularına sahiblik edən Kaspian Drillinq Kompani Limited MMC-yə (“KDK” MMC) həvalə edilib.