İQTİSADİYYAT
Neft Fondunun 2020-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi müzakirə edilib
Bakı, 9 iyun, AZƏRTAC
Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiya dövrü qaydalarının tələblərinə uyğun kollegiya iclası keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi kollegiya tərəfindən məqbul hesab edilib, Hesablama Palatasının rəyinin Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrasına, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata dair Hesablama Palatasının rəyləri, həmçinin Milli Məclisin plenar iclasında qurumun sədri Vüqar Gülməmmədovun 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışı, eləcə də dövlət büdcəsinin icrası ilə bağlı rəy üzrə hazırlanmış Xülasə Hesablama Palatasının internet səhifəsinin müvafiq bölmələrində yerləşdirilib.