İQTİSADİYYAT
Neft Fondunun ABŞ dolları portfelinin 13,1 faizi qızıl investisiyalarıdır
Bakı, 27 iyul, AZƏRTAC
İyunun 30-na ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 68,6 faizini, avro 19,9 faizini, funt sterlinq 4,9 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,6 faizini, Rusiya rublu 0,7 faizini, Çin yuanı 1,3 faizini, Yaponiya yeni 1,4 faizini, digər valyutalar isə 2 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2021-ci ilin birinci yarısı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
Hesabata görə, ABŞ dolları portfelinin 5 milyard 763,3 milyon dollarlıq hissəsini (13,1 faiz) qızıl investisiyaları təşkil edib.
Həmçinin ARDNF-in investisiya portfelinin 0,27 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.
Qeyd edək ki, cari il iyunun 30-na fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,24 faiz artaraq 44 milyard 104,9 milyon dollar təşkil edib. Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.