İQTİSADİYYAT


Neft Fondunun Müşahidə Şurası fondun 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edib

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-in 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyini nəzərə almaqla, fondun ötənilki fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, eyni zamanda, Müşahidə Şurası müstəqil auditorun və ARDNF-in 2019-cu il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəylərinə əsasən, habelə Neft Fondunun 2019-cu il büdcə gəlirlərinin 19 milyard 30,6 milyon manat və yaxud 123,2 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 588,6 milyon manat və ya 99,9 faiz səviyyəsində icra edildiyini nəzərə alaraq, fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 dekabr tarixli Sərəncamı ilə ARDNF-in Müşahidə Şurasının 7 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. ARDNF-in Müşahidə Şurasına Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sədrlik edir. Müşahidə Şurasının üzvlərinin sırasına - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankının sədri Elman Rüstəmov daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.