İQTİSADİYYAT


Neft Fondunun aktivləri 6,22 faiz artaraq 38 milyard dolları keçib

Bakı, 16 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 milyard 173,7 milyon manat, büdcə xərcləri isə 4 milyard 731,6 milyon manat təşkil edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, altı ay ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akrhesabı ödənişlər 0,5 milyon manat olub. Hesabat dövrü ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 508 milyon manata bərabər olub.

Yarım ildə ARDNF-in 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 608 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılıb. İki milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərcləri 838,5 milyon manat olub.

Cari il iyulun 1-nə Neft Fondunun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 6,22 faiz artaraq 38 milyard 36,1 milyon ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici ARDNF-in ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.