ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutu elm tariximizin öyrənilməsinə böyük töhfələr verib

Bakı, 9 oktyabr, AZƏRTAC

İnstitutumuz Azərbaycanda kimya elminin tarixinin öyrənilməsinə böyük töhfələr verib və bu işlər uğurla davam edir. Araşdırmalarımız nəticəsində müəyyən etdik ki, kimya elmimizin tarixinin 1920-ci ildən başlanması fikri yanlışdır. Çünki görkəmli Azərbaycan kimyaçısı Mövsüm bəy Xanlarov 1883-cü ildə 26 yaşında Strasburq Vilhelm Kayzer Universitetində kimyadan doktorluq dissertasiyası müdafiə etmişdi. O, Rus Fiziki Kimya Cəmiyyətinin Bakı şöbəsinin üzvi idi. Balaxan bəy Bakıxanov isə Hamburq Texnologiya İnstitutunu kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdi. Bundan başqa, görkəmli kimyaçı alim Sadıx Hüseynov 1910-cu ildə Almaniyanın Darmştad Kimya Texnologiya İnstitutunda kimyaçı-mühəndis ixtisası üzrə təhsil almışdı. O, həmçinin 1917-ci ildə Kiyev Tibb İnstitutunu bitirmişdi. Sadıx Hüseynov 1920-1927-ci illərdə indiki ADPU-da kafedra müdiri işləyib. Dahi Yusif Məmmədəliyevi də kimyaya o dəvət edib.

Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov söyləyib.

“Biz 1997-ci ildən 2008-ci ilə qədər ABŞ-da yaşamış professor Abbas Çayxorskini Bakıya dəvət edərək, onunla görüşdük. Sürgün həyatı yaşayan, Sankt-Peterburq Dövlət Universitetinin radiokimya fakültəsinin ilk məzunu Abbas Çayxorskinin SSRİ-nin atom silahının yaradılmasında xüsusi xidmətləri olub. O, 12 il SSRİ-də atom enerjisinin dinc məqsədlərlə istifadə komissiyasının sədri olub. Həmçinin dünyada neptunium kimyasına aid yeganə monoqrafiyanın müəllifidir. O, 1969-1975-ci illərdə kimyəvi elementlərin dövri cədvəlinin daha mükəmməl versiyasını yaradıb. Hər zaman Mendeleyevə dahi alim kimi dəyər verən Abbas Çayxorskinin təklif etdiyi cədvəl mövcud 500-dən çox cədvəlin ən mükəmməlidir. Biz onun bu sahədə monoqrafiyasını Azərbaycan, rus və ingilis dillərində nəşrə hazırladıq və institutumuzun yubileyi ərəfəsində çap etdirdik”, - deyə akademik bildirib.

V.Abbasov qeyd edib ki, Abbas Çayxorski kimyaya 5-ci kvant ədədini təklif edən alimimizdir. Bu sahədə ən ciddi beynəlxalq konfranslarda və simpoziumlarda təqdimat edib, nüfuzlu elmi jurnallarda məqalələr çap etdirib. 2004-cü ildə Abbas Çayxorskiyə AMEA-nın fəxri doktoru adı verilib. O, 2008-ci ildə ABŞ-da vəfat edib və öz arzusu ilə nəşi Bakı qəbiristanlığında dəfn olunub.

Neft-Kimya Prosesləri İnstitutu hər zaman istehsalatla əlaqəli işləyir və bu, qarşılıqlı faydalıdır. SOCAR ilə institutun hər zaman sıx və çoxşaxəli əlaqələri olub. İnstitutda yaradılan reagentlər SOCAR-ın müəssisələrində tətbiq edilir. SOCAR 2012-ci ildə instituta çox böyük vəsait qoyub və elmi müəssisə tamamilə yenidən qurulub.

“Universitetlər və elmi-tədqiqat institutları ilə sıx əlaqədə işləyirik. Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq müqaviləsi imzalamışıq və bu ali məktəbdə bakalavr, magistr və fəlsəfə doktorlarının hazırlanması proseslərində iştirak edirik. Qabaqcıl alimlərimiz bu ali məktəbdə dərs deyirlər. Tələbələr və magistrlər institutumuzun laboratoriyalarından, ən müasir avadanlıqlardan və zəngin kitabxanamızdan istifadə edirlər. Sumqayıt, Gəncə, Naxçıvan Dövlət universitetləri üçün kadrlar hazırlamışıq və bu işlər hələ də davam edir. İnstitutumuz hər zaman gənclərin elmə gəlməsini təşviq edib. Hazırda institutumuzda 34-46 yaş arasında 4 elmlər doktoru əməkdaşımız var, 36 və 40 yaşlı 2 əməkdaşımız doktorluq dissertasiyasının müdafiəsi ərəfəsindədir”, - deyə V.Abbasov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.