ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 2 mart, AZƏRTAC
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Hikmət İbrahimov, Sara Məlikli, Zenfira İbrahimova, Rəhim Babalı və Sevinc Ələskərovanın həmmüəllifi olduqları “Ni-γ-Al2O3 katalizatorunun iştirakı ilə təbii qazdan nanokarbonun alınması” məqaləsi “Applied Petrochemical Research” jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, müəlliflər tərəfindən qaz fazada kimyəvi çökdürmə əsasında katalizatorun iştirakı ilə (CVD-də) təbii qazın pirolizindən nanokarbon alınıb, müxtəlif parametrlərin prosesə təsiri tədqiq olunub. Müəyyən edilib ki, misin sabitləşdirici qatqı rolunu oynadığı katalitik sistem Ni-Cu/γ-Al2O3-ün istifadəsinin təbii qazın parçalanması zamanı karbon məhsulunun maksimum məhsuldarlığını artırır.