DÜNYA
Neft məhsullarına tələbat ABŞ-da benzinin qiymətinin artmasına şərait yaradıb
Vaşinqton, 10 may, AZƏRTAC
ABŞ-da benzinin orta qiyməti artıb. Buna əsas səbəb xam neftin dəyərinin və qarşıdan gələn gərgin yay mövsümü ərəfəsində benzinə tələbatın artmasıdır.
AZƏRTAC xəbər verir ki, son iki həftədə benzinin qiyməti bir qallon üçün orta hesabla 20 sent artaraq 4,32 dollara çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,36 dollar və əvvəlki həftə ilə müqayisədə 13 sent çoxdur.
Benzinin bahalaşması sürücülərin xərclərinə ciddi təsir göstərir. Məsələn, ötən il benzinin 1 qallonunun qiyməti 2,962 ABŞ dollarına bərabər olanda yığcam “Scion iQ” avtomobilinin 8,5 qallon həcmində bakını doldurmaq üçün təqribən 25,16 dollar xərc çəkmək lazım idi. İndi isə həmin bakı benzinlə doldurmaq üçün orta hesabla 36,79 dollar, yəni keçənilki ilə müqayisədə 11 dollar çox xərc tələb olunur.
Benzin bakının həcmi 48 qallon olan “Ford Super Duty” pikapın yanacaqla doldurulması bir il bundan əvvəl 142,18 dollara başa gəldiyi halda indi həmin avtomobilin bakının tam doldurulması üçün orta hesabla 207,74 dollar tələb olunur. Bu, keçənilki xərclərlə müqayisədə 65 dollar çoxdur.
Bu həftə benzinin qiymətinin ən yüksək artımı Miçiqan ştatında müşahidə olunub. Orada qiymətlər bir qallon üçün 26 sent, Nyu-Cersi ştatında 25 sent, Konnektikut, Kentukki, İndiana və Rod-Aylend ştatlarında 19 sent artıb.
AZƏRTAC-ın Vaşinqton bürosu