ELM VƏ TƏHSİL
Neft-qaz kompleksinin kiber-fiziki sistem kimi fəaliyyətinə yeni yanaşma təklif edilib
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyevin, institutun ümumi işlər üzrə direktor müavini, şöbə müdiri Şakir Mehdiyevin həmmüəllifi olduqları “Neft-qaz kompleksinin kiber-fiziki sistem kimi fəaliyyəti problemlərinin analizi və onların həllinə dair yeni yanaşmalar” adlı məqaləsi nüfuzlu “International Journal of Information Technology and Computer Science (IJITCS)” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) əşyaların interneti texnologiyasının tətbiqi ilə neft-qaz sənayesinin kiber-fiziki sistem kimi effektiv və etibarlı fəaliyyətinin təmini üçün mövcud vəziyyətin öyrənilməsi və əsas problemlərin həllinə həsr olunub.
Məqalədə bildirilir ki, neft-qaz sektorunda müasir informasiya texnologiyalarının tətbiqi neftin kəşfiyyatı və aşkarlanmasının sürətlənməsinə, neft hasilatının artmasına və insan sağlamlığı, təhlükəsizliyi və ətraf mühitin qorunması risklərinin azalmasına şərait yaradır. Bu baxımdan neft-qaz sənayesində əşyaların internetinin tətbiqi digər sahələrdə olduğu kimi, iqtisadi cəhətdən geniş perspektivlərə malikdir.
Müəlliflər tərəfindən neft-qaz kompleksinin əsas texnoloji prosesləri və innovativ texnologiyaların tətbiqi üçün mövcud imkanlar təhlil edilib. Problemlərin həllində “ağıllı” sensorlar, əşyaların interneti, simsiz şəbəkələr və bulud texnologiyalarına əsaslanan yeni yanaşmalar təklif olunub. Müvafiq modelin tətbiqi səmərənin artırılması, resursların saxlanması, kəşfiyyatın etibarlılığı və obyektlərin dayanıqlığı üçün yeni imkanlar açır.
Məqalə SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində hazırlanıb və əldə olunmuş nəticələrin bu qurumun neft-qaz kompleksində tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, IJITCS jurnalı “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “CNKI Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşir.