İQTİSADİYYAT
Neft-qaz ölkələri qarşıdakı 20 ildə 9 trilyon dollar itki ilə üzləşə bilər
Bakı, 11 fevral, AZƏRTAC
Neft-qaz ölkələri qarşıdakı 20 ildə 9 trilyon dollar itki ilə üzləşə bilər.
AZƏRTAC xəbər verir ki, bu proqnozla mərkəzi ofisi Londonda yerləşən “Carbon Tracker” düşüncə mərkəzi çıxış edib.
Bildirilir ki, enerji keçidinin sürətlənməsi, neft və təbii qaz tələbatının azalması neft-qaz hasil edən 40 ölkənin iqtisadiyyatlarını şaxələndirməyə vadar edir. Belə ki, sərtləşən qlobal iqlim siyasəti və texnoloji inkişafa uyğun olaraq tələbatın azalması fonunda ümumilikdə 40 neft və qaz hasil edən ölkə qarşıdakı 20 ildə dövlət gəlirlərində 9 trilyon dollarlıq itki ilə üzləşə bilər. Həmin ölkələrin neft-qaz gəlirlərdə orta hesabla 46 faiz azalma müşahidə oluna bilər. Bu ölkələr iqtisadiyyatlarını şaxələndirmək, sosial və siyasi qeyri-sabitlikdən çəkinmək üçün güclü beynəlxalq dəstəyə ehtiyac duyur.
“Carbon Tracker” həmin ölkələri dövlət xərclərini azaltmaq, yeni vergiləri artırmaq və iqtisadiyyatlarını yenidən quraraq neft və qaz gəlirlərindən asılılıqlarını azaltmaq üçün indidən hərəkətə keçməyə çağırıb. Yeni neft və qaz layihələrinə sərmayə qoymaqda davam etmək varlıqların riskə atılmasına, dayanıqlı yeni sənayelərin inkişafına sərf ediləcək kapitalın boşa çıxmasına səbəb ola bilər. Ənənəvi enerji mənbələri üzrə azalan gəlirlərin ümumi dövlət gəlirlərinin ən azı 20 faizinə təsir edəcəyi 19 ölkədə ümumilikdə 400 milyondan çox insan yaşayır.
Bundan başqa, dünya üzrə bütün neft istehsal edən ölkələrin gəlirlərinin 2040-cı ilədək 51 faiz azalma riski var və bu, 13 trilyon dollara bərabərdir.