İQTİSADİYYAT
Neft-qaz sazişləri üzrə Neft Fonduna bonus ödənişləri 2,3 milyon manat artıb
Bakı, 1 fevral, Nihad Budaqov, AZƏRTAC
Ötən il neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxil olan bonus ödənişləri artıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, 2017-ci ildə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Neft Fonduna 1,4 milyon ABŞ dolları və ya təxminən 2,4 milyon manat həcmində vəsait daxil olub.
2016-cı ildə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ARDNF-ə ödənilən bonuslar 0,1 milyon manat təşkil etmişdi. Beləliklə də keçən il Neft Fonduna sərmayəçilər tərəfindən ödənilən bonuslar 2,3 milyon manat artıb.
Bu il yanvarın 29-da isə Dövlət Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib. Həmin saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Fərmana görə, bu il ARDNF-in gəlirlərinin 774 milyon 172 min manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.