ELM VƏ TƏHSİL
Neft terminləri lüğəti çapdan çıxmışdır
Bakı, 15 fevral (AZƏRTAC). Filologiya üzrə fəlsəfə doktoru Aytən Aydınqızının 4 dildə “Neft terminləri lüğəti” çapdan çıxmışdır. ARDNŞ-in maliyyə dəstəyi ilə çap olunmuş kitabın redaktoru AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi professor Nizami Cəfərovdur.
AZƏRTAC xəbər verir ki, neft terminləri lüğətində Azərbaycan, ingilis, türk və rus dilləri qarşılıqlı şəkildə yerdəyişməklə təkrarlanmışdır. Lüğət 35 minə yaxın sayda lüğət vahidindən, izahlı lüğətdən və çətin anlaşılan qısaltmalardan ibarətdir. Dörd fəsildən ibarət olan terminoloji lüğət bu sahədə çalışan mütəxəssislərin, uyğun ali təhsil müəssisələri tələbələrinin və neft-qaz sahəsində fəaliyyət göstərən iş adamlarının istifadəsi üçün nəzərdə tutulmuşdur. 1.264 səhifəlik kitab Azərbaycanın iqtisadi gerçəklikləri və neft həqiqətləri haqqında əcnəbi vətəndaşlarda dolğun təsəvvür yaratmaqda da yardımçı olacaqdır.
Peşəkarlıqla işlənmiş, dörd dildə buraxılmış lüğət milli lüğətçilik ənənəmizdə yeni hadisədir.