ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutunda “Azərbaycanın dayanıqlı inkişafının geoekoloji problemləri” mövzusunda məruzə dinlənilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun elmi şurasının iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda İlyas Əlizadənin “Azərbaycanın dayanıqlı inkişafının geoekoloji problemləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə dayanıqlı inkişafın ümumi anlayışı və tərifləri nəzərdən keçirilib. Onun indikatorlarının geoekoloji və sosial iqtisadi qarşılıqlı əlaqələri qeyd olunub. Dayanıqlı inkişafın dəqiq və inteqral parametrləri arasındakı fərqləri təhlil edilib.
Məruzə dinlənildikdən sonra AMEA Neft və Qaz İnstitutunun elmi şurası bu istiqamətdə işlərin davam etdirilməsini, mümkün olduqda ölkənin energetika sahəsi üzrə Azərbaycana xarakterik olan dayanıqlı inkişafın konkret parametrlərinin reyestrinin tərtib edilməsini və lazımi hesablamalar aparılmasını, bu istiqamət üzrə əməkdaşlıq üçün Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinə təkliflər təqdim edilməsini qərara alıb.
İclasda AMEA Neft və Qaz İnstitutunun dissertanturası üzrə kadr hazırlığı və elmi tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatı məsələləri də müzakirə olunub, təkliflər dinlənilib.
AMEA Neft və Qaz İnstitutunun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Məhərrəm qızı Hüseynovaya səmərəli elmi və ictimai fəaliyyətini nəzərə alaraq 27 mart “Elm günü” münasibətilə AMEA-nın Yer Elmləri Bölməsinin fəxri fərmanı təqdim olunub.