ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutunda aksiya: Xocalılıları tanıyaq
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı zamanı 613 nəfərin qətlə yetirildiyini, 1275 nəfərin əsir alındığını, 487 nəfərin isə ağır yaralandığını vurğulayıb.
Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov çıxışında gəncləri xalqın qan yaddaşı olan Xocalı soyqırımını, eləcə də işğal olunmuş torpaqlarımızda törədilmiş qanlı cinayətləri unutmamağa səsləyib.
Rəqsanə Əsgərova institutun Gənc alim və mütəxəssislər və Qadınlar şuralarının təşkil etdiyi “Xocalılıları tanıyaq” aksiyası haqqında ətraflı məlumat verib.
İnstitutun magistrantı Cəvahir Rəcəbli Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində gənclərin atmalı olduqları addımlardan bəhs edib.
Qeyd edilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yazılıb və bu tarix illər keçdikcə gənclərə çatdırılmalı, hər bir azərbaycanlı öz tarixini dərindən bilməlidir.