ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunda beynəlxalq seminar: Palçıq vulkanizmi və karbohidrogen sistemləri

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda “Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beynəlxalq məktəb-seminar keçirilib.

Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, məktəb-seminar “HOTMUD” layihəsinin maliyyə dəstəyi ilə AMEA-nın Neft və Qaz İnstitutu, Oslo Universitetindəki Təkamül və Yer Dinamikası Mərkəzi və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti arasında əməkdaşlıq haqqında üçtərəfli saziş çərçivəsində keçirilib.

Seminarın təşəbbüskarları AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Oslo Universitetinin Təkamül və Yer Dinamikası Mərkəzinin üzvü, fəlsəfə doktoru Adriano Mazzini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya və Geokimya kafedrasının dosenti, geologiya və mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qriqori Axmanovdur.

Tədbirin proqramına birgünlük elmi seminar və dördgünlük Azərbaycan palçıq vulkanlarının təbii çıxışlarına çöl ekspedisiyaları daxil olub.

Məktəb-seminarda 6 ölkədən (Norveç, Almaniya, Rusiya, ABŞ, İtaliya, Çexiya) 23 nümayəndə iştirak edib. Seminarda Azərbaycanı Neft və Qaz, Geologiya və Geofizika, Coğrafiya institutlarının, Respublika Seysmoloji Xidmət Mərkəzinin və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin alimləri və magistr tələbələri təmsil ediblər.

Elmi seminarda Yer kürəsinin müxtəlif bölgələrinin, o cümlədən Azərbaycanın palçıq vulkanları, karbohidrogen yataqları, Yerin geodinamikası, xüsusən seysmiklik, litosfer plitələrinin tektonikası haqqında məruzələr dinlənilib.

Elmi sessiyanın sonunda Adriano Mazzini iştirakçıları seminara daxil olan 4 günlük ekspedisiyanın proqramı ilə tanış edib.

Məktəb-seminarın iştirakçıları ekspedisiyanın ilk günü Azərbaycanın gənc alim və mütəxəssisləri xarici qonaqlarla birlikdə Pirəkəşkül, Qırmakı dərəsi və Yanardağda, sonrakı günlərdə Daşgil, Bahar, Qoturdağ və Lökbatan palçıq vulkanlarında olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.