ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutunun əməkdaşları Hərbi Qənimətlər Parkında olublar
Bakı, 3 may, AZƏRTAC
Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov, ümumi işlər üzrə direktor müavini Ehtibar Əliyev və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, alimlər 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla yaxından tanış olublar. Parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin məruz qaldığı raket zərbələrinin qalıqları var.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.