ELM VƏ TƏHSİL
Neft və Sənaye Universiteti Türkiyədə keçirilən təhsil sərgisində təmsil olunub
Bakı, 17 iyun, AZƏRTAC
İstanbul Kent Universitetində keçirilmiş təhsil sərgisində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də təmsil olunub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Təhsil proqramına uyğun təşkil olunan sərgidə iştirak etməkdə məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.
Ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsi Azərbaycan təhsilinin dünya miqyasında tanıdılması, eyni zamanda, təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. ADNSU sərgidə bir neçə layihə, universitet haqqında məlumatların yer aldığı buklet, broşür və digər çap məhsulları ilə iştirak edib.
İstanbul Kent Universitetinin ev sahibliyi etdiyi təhsil sərgisinin təşkilatçısı “Azedu Academy”dir. Qardaş Türkiyə ilə yanaşı, digər ölkələrdə də Azərbaycan universitetlərinin təhsil sərgilərinin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, sərgidə, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universiteti təmsil olunub.