ELM VƏ TƏHSİL
Neft və Sənaye Universitetində onlayn tədrisin əhatə dairəsi 90 faizə çatır
Bakı, 2 aprel, AZƏRTAC
Koronavirus epidemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və tədris prosesinin dayandırılması ilə əlaqədar
martın 29-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn tədrisə başlanılıb və bununla bağlı “qaynar xətt” təşkil olunub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, bu günədək “qaynar xəttə” yüzdən çox zəng daxil olub. Müraciətlər əsasən onlayn təhsil, internet əlaqə, loqin və parolun istifadəsi ilə bağlı texniki problemlərlə bağlı olub. Texniki problemlərin tədricən aradan qaldırılması sayəsində hazırda “qaynar xəttə” müraciətlərin sayında kəskin azalma müşahidə olunur. ADNSU-da “qaynar xətt” hər gün saat 08:30-dan 18:00-dək fəaliyyətini davam etdirir və müraciət edənlərin sualları cavablandırlır və problemləri həll olunur.
ADNSU-nun 2019-2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına görə isə universitet üzrə bakalavr pilləsində əyani şöbədə 10662 nəfər, qiyabi şöbədə 317 nəfər, magistratura səviyyəsində isə 1328 nəfər tələbə onlayn tədris prosesinə cəlb edilib.
Qeyd edək ki, dərslər mühazirə və məşğələ formatında aparılır (laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və müzakirə formatında təşkil edilib). Onlayn tədrisin əhatə dairəsi günlərdən asılı olaraq 82-88 faiz təşkil edir.