REGİONLAR
Neftaçala və Salyanın ümumtəhsil məktəblərində “son zəng” səslənib
Neftaçala-Salyan, 14 iyun, Mahir Babayev, AZƏRTAC
Neftçalanın bütün ümumtəhsil məktəblərində “son zəng” çalınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov məzunları təbrik edib. Bu il rayonun 28 tam orta məktəbini 110 nəfər on birincinin bitirdiyini deyən şöbə müdiri onlara gələcək həyatlarında uğurlar arzulayıb, rayonda həyata keçirilən təhsil islahatlarından danışıb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova Neftçalanın ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində önəmli layihələrin icra edildiyini diqqətə çatdırıb, bunun nəticəsində də təhsildə mühüm irəliləyişə nail olunduğunu vurğulayıb. Qeyd edilib ki, son illər rayonda 14 məktəb binası tikilib, 3-ü əsaslı təmir olunub. Bu il Təhsil Nazirliyi tərəfindən rayonda 7 modul tipli məktəb binası qurşadırılaraq müəllim və şagirdlərin istifadəsinə verilib.
Həyata kövrək addımlar atan məzunlar məktəb illərinin xatirələrini dilə gətirib, gələcək planlarından danışıb, müəllimlərin etimadını doğruldacaqlarına söz veriblər.
Sonra birincilər məzunları təbrik ediblər.
“Son zəng” mərasimi maraqlı musiqili proqramla başa çatıb.
X X X
Salyanın ümumtəhsil məktəblərində keçirilən “son zəng” mərasimləri təhsil illərini başa vuran 997 on birinciyə duyğulu anlar yaşadıb.
Rayonun Qarabağlı kənd tam orta məktəbində təşkil olunan tədbirdə çıxış edənlər on birinciləri təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Çıxışlarda bildirilib ki, son illər bütün ölkə üzrə olduğu kimi, Salyanın ümumtəhsil məktəblərində də əsaslı islahatlar aparılıb, 5 yeni məktəb binası tikilib, 4 məktəb binası əsaslı təmir olunub və hazırda 1 məktəb binası əsaslı təmir edilir, 1 məktəb üçün isə yeni bina tikilir.
Rayon təhsilində mühüm keyfiyyət dəyişikliyinin baş verdiyini deyən müəllim və valideynlər ötənilki məzunlardan 336 nəfərin ali məktəblərə daxil olduğunu, 19 nəfərin 600-dən, 90 nəfərin isə 500-dən çox bal topladığını qeyd ediblər.
Tədbirin sonunda I və XI sinif şagirdləri bir-birilərin təbrik edib, xatirə şəkli çəkdirib, mahnı oxuyub, rəqs ediblər.