REGİONLAR
Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 24 may, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən qurulmasıdır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.
Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.
Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəricilərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi və dayanacaqların qoyulması nəzərdə tutulub.
Layihə üzrə sadalanan işlərin icrası ilə yolboyu müasir infrastruktur yaradılacaq. Bu isə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olacaq, yük və sərnişin daşınması asanlaşacaq, vətəndaşların sosial həyat şəraitinə müsbət təsir göstərən sahələr daha da inkişaf edəcək.