REGİONLAR
Neftçala Sənaye Məhəlləsində tikinti işləri gələn ay başa çatacaq VİDEO
Neftçala, 26 may, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, ötən il inşasına başlanılan Neftçala Sənaye Məhəlləsində tikinti işləri artıq tamamlanmaq üzrədir. İnşaat işlərinin iyun ayında başa çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, Neftçala rayonunun mərkəzindən 5 kilometr aralıda, Salyan-Neftçala avtomobil yolunun kənarında 10 hektar sahədə salınan sənaye məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Ərazidə elektrik, qaz, su və rabitə xətləri çəkilib. Hazırda isə avtomobil yolları salınır.
Sənaye məhəlləsində yardımçı tikililərdən əlavə, 8 modullaşdırılmış istehsal sahəsi fəaliyyət göstərəcək. Birinci mərhələdə onlardan 4-ü inşa edilib. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla tikiləcək. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək.
Rayon icra hakimiyyəti başçısının müavini Nəriman Xəlilov AZƏRTAC-a bildirib ki, indiyə qədər sahibkarlar tərəfindən 18 layihə baxılması üçün Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İki layihə qeydiyyatdan keçib, 5 layihə isə tamamlanmaq üzrədir.
Sahə rəisi Elşən Ağalarov görülən işlər barədə məlumat verərək deyib ki, tikintidə əsas işlər başa çatıb: “İndi yol çəkilir, bardürlər düzülür, səkilərə tamet döşənir, yaşıllıqlar salınır. Bu işləri də gələn ay başa çatdıracağıq”.
Qeyd edək ki, respublikamızda salınan ilk sənaye məhəlləsində birinci mərhələdə şirkətlər tərəfindən 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.