CƏMİYYƏT
Neftçala rayon sakininin ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu il iyulun 8-də Neftçala rayonunun Həsənabad qəsəbə sakini 1976-cı il təvəllüdlü Zaur Məmmədovun bıçaqla sağlamlığına ağır xəsarət yetirilməsi və onun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Neftçala Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla müəyyənləşdirilib ki, zərərçəkmişin qardaşı Vahid Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Zaur Məmmədova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən ölüb.
Toplanmış kifayət qədər sübutlar əsasında Vahid Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.