REGİONLAR
Neftçala rayonunda daha bir avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 26 dekabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən qurulmasıdır.
Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülüb. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılıb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.
Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülüb. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.
Layihə üzrə yolboyu müasir infrastruktur yaradılıb. Bu isə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olub, yük və sərnişin daşınması asanlaşıb.