REGİONLAR


Neftçala şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanıb

Bakı, 19 noyabr, AZƏRTAC

İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında icra olunan layihə yekunlaşıb. Noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, Neftçala şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 millimetr diametrli polietilen borularla 40 kilometr uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Magistral xəttin inşası mürəkkəb coğrafı ərazidə həyata keçirilib. Kəmərin 16 nöqtədə magistral və kənd yolları, 18 nöqtədə isə müxtəlif suvarma və drenaj kanalları ilə kəsişmələrində keçidlər quraşdırılıb. Tikintinin ən mürəkkəb hissəsi Kür çayı ilə kəsişmədə aparılıb və bu məqsədlə xüsusi metal konstruksiyalarla 262 metr uzunluğunda asma körpü inşa edilib.

Magistral xəttə ötürülən suyun idarə olunması məqsədilə kəmər üzərində 25 ədəd təxliyyə, 34 ədəd vantuz, 14 ədəd siyirtmə quraşdırılıb. Neftçala şəhərinin su təchizatındakı vəziyyət nəzərə alınaraq inşaat işləri bir neçə tikinti briqadası tərəfindən eyni vaxtda paralel aparılıb. Nəticədə kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan 1 ay əvvəl başa çatdırılıb.

Tikini-quraşdırma işləri başa çatdıqdan sonra kəmər yuyulub-dezinfeksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birləşdirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəbəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib. Salyan rayonu ərazisində relyef baxımından yüksəklikdə inşa edilən anbar suyun Neftçala rayonuna özüaxımlı rejimdə çatdırılmasına imkan verir.

Salyan-Neftçala magistral kəmərin istismara verilməsi modul tipli su təmizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədən çatdırılmasına da imkan yaradıb.

Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.

Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 kilometr içməli, 116 kilometr tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək.

Qeyd edək ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan çox kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılıb. Yaranmış problemin həlli məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilirdi. Bu məqsədlə Salyan şəhərindən suyun daşınması üçün nəqliyyat vasitələri cəlb edilib və yaşayış məntəqələrində müvəqqəti su çənləri quraşdırılmışdır. Yeni kəmər istismara verildikdən sonra Neftçala şəhərinə maşınlarla suyun daşınması dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.