REGİONLAR


Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən avtomobil yolu yenidən qurulub VİDEO

Bakı, 30 dekabr, AZƏRTAC

Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci kilometrdən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

Yolun 8,5 kilometr uzunluğa malik Həsənabad–Neftçala hissəsində “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb. Ardıcıllığa uyğun olaraq yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa edilib.

Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə–Beştalı ərazisində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir olunub. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Layihənin icrası 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatı daha da inkişaf edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.