REGİONLAR
Neftçalada 64 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçiriləcək
Neftçala, 19 fevral, Mahir Babayev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Neftçalada da əhalinin kütləvi dispanserizasiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasında insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində üç peşəkar həkim briqadası fəaliyyət göstərəcək.
Humanitar aksiya rayon üzrə 64 mindən çox sakini əhatə edəcək. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Üç səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov bildirib ki, aksiyanın yüksək səviyyədə keçirilməsi üçün mərkəzi xəstəxana ilə yanaşı, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi,100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
Qrafikə uyğun olaraq, ilkin mərhələdə şəhər sakinləri, idarə, müəssisə və təşkilatlarda işləyənlər tibbi müayinələrə cəlb ediliblər. Artıq 5 kollektivdə müayinələr başa çatdırılıb. Tibbi müayinədən keçirilmiş 1300 nəfərdən 170-nə ambulator, 1 nəfərinə stasionar müalicə təyin edilib. Bir nəfər isə daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib.
Hazırda rayonun 52 yaşayış məntəqəsində aksiyanın mütəşəkkil keçirilməsi üçün operativ tədbirlər və təşkilati işlər görülür. Yaxın günlərdə kənd və qəsəbə sakinlərinin də kütləvi dispanserizasiyasına başlanılacaq.