REGİONLAR
Neftçalada Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi mükafatlandırılıb
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edənlər təhsil müəssisələrinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik ediblər. Bildirilib ki, hazırda rayonun ümumtəhsil məktəblərində 1400 müəllim çalışır. Neftçalanın kənd rayonları arasında ali məktəblərə qəbul olunanların sayına görə birincilər sırasında olması müəllimlərin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, ötən ilki məzunlardan 204 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 41 nəfər 500-600 arası, 8 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Bu, əvvəlki il ilə müqayisədə 10 faiz çoxdur.
Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan tədbir iştirakçıları rayonda bu istiqamətdə görülən işlərdən ətraflı söhbət açıblar. Qeyd edilib, yeni dərs ilində 360 şagird yerlik Yuxarı Qaramanlı, 200 şagird yerlik Kürkənd kənd məktəblərinin yeni binalarının istifadəyə verilməsi pedaqoji kollektivlər üçün əsl bayram hədiyyəsi olub.
Sonda şagirdlərin təlim-tərbiyəsində fərqlənən müəllimlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.