SİYASƏT


Neftçalada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq işə başlayıb

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Neftçalada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun fəal gəncləri iştirak ediblər.

Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. O, gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmalarının vacibliyinə diqqət çəkib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan V.Əliyev vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin prioritet istiqamətləri olduğunu bildirib.

Maarifləndirmə məqsədilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayan G.İsmayılov bildirib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Sədr müavini ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, uşaqlar və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb. Sədr müavini dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. G.İsmayılov “Həyat bilgisi” fənninin tədrisində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədinin hər kəsdə zərərli dini təbliğata qarşı “immunitet” formalaşdırmaq olduğunu söyləyib.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Seminar-treninq işini aprelin 10-da müzakirələrlə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.