ELM VƏ TƏHSİL
Neftçalada M.Səfərov adına gimnaziyanın yeni tədris binasında tikinti-quraşdırma işləri görülür
Bakı, 9 fevral, AZƏRTAC
Təhsil naziri Ceyhun Bayramov Neftçala şəhəri M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın binasında rayonun ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə son illər təhsil sahəsində aparılan islahatlardan danışılıb, ümumi təhsil müəssisələrinin qarşısında duran həlli vacib məsələlər və nəzərdə tutulan hədəflərə çatmaq üçün məktəb rəhbərlərinin vəzifələri diqqətə çatdırılıb.
Sonra nazir Ceyhun Bayramov M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olub. Nazirə məlumat verilib ki, gimnaziyanın 380 şagird yerlik binası 1960-cı ildə inşa edilib. İkimərtəbəli bina 5 korpusdan ibarətdir. Məktəbdə təhsil alan 439 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim və 39 texniki işçi məşğul olur. Şagirdlərdən 63 nəfəri məktəbin yataqxanasında gecələyir.
2016-cı ildən məktəb binasında əsaslı təmir-tikinti işlərinə başlanılıb. Gimnaziyanın yataqxana və yeməkxana binaları təmir olunaraq 2018-ci ilin sentyabr ayından, əsas tədris korpusu, idman və akt zalları isə cari ilin yanvar ayından istismara verilib. Hazırda yeni tədris korpusunda tikinti-quraşdırma işləri görülür. Binanın 90 nəfərlik akt zalında təmir-tikinti işləri başa çatdırılıb, mebel və inventarlarla təchiz olunub.