REGİONLAR


Neftçalada “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Neftçala, 7 dekabr, Mahir Babayev, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) dekabrın 7-də Neftçalada rayon icra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirib.

Hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi daşıyan tədbir Xidmətin 2018-ci il fəaliyyət planına müvafiq olaraq təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində Neftçala Rayon İcra Hakimiyyətinin, SHXÇDX Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədovun, ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin, şəhid ailələri üzvlərinin və Qarabağ müharibəsi veteranlarının iştirakı ilə keçirilən tədbir Dövlət himninin ifası ilə başlayıb. Sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Cəfərov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, vətənpərvərlik tərbiyəsində hərb tariximiz, xalqımızın qəhrəman oğulları haqqında verilən məlumatlar böyük təsirə malikdir. Vətənpərvərlik tərbiyəsi işi yeniyetmə və gənclərin Vətənə məhəbbət və sədaqət ruhunda inkişafına güclü təsir göstərir. O, bu sahədə Neftçala rayonunda mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Neftçala rayon şöbəsinin rəisi, polkovnik-leytenant Turan Əliyev gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində Xidmət tərəfindən görülən işlərdən söhbət açıb. Vurğulayıb ki, ölkəmizin müharibə vəziyyətində olması və ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir.

Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissi, vətəndaş məsuliyyətidir. Vətən müqəddəsdir, onu qorumaq isə ən şərəfli peşədir. O, gənclərə bu peşənin sirlərinə yiyələnməyi tövsiyə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxışında Azərbaycan Silahlı Qüvvələrində xidmət edən gənclərimizdə yüksək vətənpərvərlik ruhunun olmasına diqqət çəkib. Qeyd edib ki, yüksək döyüş əzminə malik Azərbaycan əsgəri hər bir çətin tapşırığı yerinə yetirməyə qadirdir və işğal altındakı torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil.

Tədbir çərçivəsində SHXÇDX tərəfindən şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyevə, Qarabağ müharibəsi əlili Faiq Abdiyevə hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə, Neftçala şəhər 4 saylı orta məktəbin hərbi rəhbəri İdris Xammədova “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi və hərbi-vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə, Neftçala şəhər 4 saylı orta məktəbin XI sinif şagirdi Əlihüseyn Əliyevə isə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnində yüksək nailiyyətlərinə görə diplom və hədiyyələr verilib.

Sonra vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Neftçala rayon məktəblərinin özfəaliyyət dərnəklərinin iştirakı ilə ədəbi-bədii proqram nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.