REGİONLAR
Neftçalada altı məktəb üçün modul tipli binalar quraşdırılır
Neftçala, 16 avqust, Mahir Babayev, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən Neftçalanın altı kəndində bu il orta məktəblər üçün modul tipli məktəb binasının quraşdırılması nəzərdə tutulub.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilin əvvəlində rayonda bu tip məktəb binalarının quraşdırılmasına başlanılıb. Artıq Yenikənd və Tatarməhlə kəndlərində məktəb binalarının inşası başa çatıb. Hazırda tikinti-quraşdırma işləri Mayaq və Mikayıllı kəndlərinin məktəb binalarında də aparılır və işlər yekunlaşmaq üzrədir. Hər iki məktəb binasında tikinti işləri başa çatdıqdan sonra inşaat işlərinə Şorkənd və Ərəbqardaşbəyli kəndlərində start veriləcək.
Səkkiz sinif otağından ibarət olan məktəb binaları 56 şagird yerlikdir. Məktəb binaları yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək.