REGİONLAR
Neftçalada arıçılıq təsərrüfatlarının sayı artır
Neftçala, 2 may, Mahir Babayev, AZƏRTAC
Arıçılıq Neftçalanın təbii iqlim şəraiti üçün xarakterik olmasa da, son illər təsərrüfatın bu sahəsinə maraq göstərənlərin sayı xeyli artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda arıçılıq təsərrüfatlarının yaradılmasına son illər başlanılıb. Hazırda 16 fermer arıçılıqlar məşğul olur və onların təsərrüfatlarında, ümumilikdə, 211 arı ailəsi saxlanılır. Ötən il rayonda fəaliyyət göstərən təsərrüfat sahiblərinə arıçılığın inkişafı məqsədilə dövlət tərəfindən 2 min 110 manat subsidiya ödənilib.
Neftçalada arılar əsasən mövsümi çiçəklərdən, həmçinin dəvətikanı kolu və yulğun ağaclarının çiçəklərindən şirə toplayaraq bal istehsal edirlər.
Arıçı İdrak Məmmədovun dediyinə görə, həmin çiçəklərdən toplanan şirələrdən alınan bal asma və yuxarı tənəffüs orqanları üçün olduqca xeyirlidir.
Ötən il rayonda arı südü, vərəmum və çiçək tozu ilə birlikdə hər arı ailəsindən 45-50 kiloqram məhsul götürülüb. Yerli arıçılar bildirirlər ki, bu il qış fəslinin o qədər də soyuq keçməməsi arı ailələri üçün əlverişli olub. Onlar cari ildə ötən ildəkindən də çox məhsul götürəcəklərinə əmindirlər.