REGİONLAR
Neftçalada bu günə kimi 2 min hektardan çox sahəyə çiyid səpilib
Neftçala, 1 may, Mahir Babayev, AZƏRTAC
Neftçalada çiyid səpini uğurla davam edir və qısa müddətdə 2 min hektardan çox sahəyə çiyid səpilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, neftçalalı “ağ qızıl” ustaları cari ildə 5 min hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 2 min 500 hektar sahəyə çiyid səpiblər. Məhsul istehsalçıları müqavilə bağladıqları “Neftçala İ.K” MMC və “Aqrolizinq” ASC tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq, səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.
Ötən il 3 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul toplayan Boyat kənd sakini Qulammirzə Abıyev bu günə kimi əkəcəyi 10 hektar pambıq sahəsinin 5 hektarında səpin aparıb. “Ağ qızıl” ustası bu il becərdiyi sahənin hər hektarından azı 35 sentner məhsul götürmək niyyətindədir. Pambıqçı bu istəyinə çatmaq üçün səpini aqrotexniki qaydalara uyğun həyata keçirir.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 7 min hektar pambıq sahəsindən 9 min 900 ton məhsul toplayıblar.