REGİONLAR


Neftçalada bu günədək tədarük olunan pambığın 2 min 608 tonu maşınlarla yığılıb

Neftçala, 10 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Pambığın hər tonu üçün alış qiymətinin 50 manat artırılması Neftçalada pambıq yığımının sürətinə güclü təsir göstərir. Bundan ruhlanan məhsul istehsalçıları yetişdirdikləri pambığın tədarükünü qısa müddətdə başa çatdırmaq üçün var-qüvvə ilə çalışırlar.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 7 min hektar sahədə pambıq becərilib. Bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Yığıma vaxtında başlayan məhsul istehsalçıları qısa müddətdə sahələrdən 4469 ton məhsul toplayıblar. Tədarük olunan məhsulun 2608 tonu maşınlarla, 1878 tonu isə əl ilə yığılıb.

Rayonun qabaqcıl pambıqçılarından olan fermer Təvəkkül Məmmədov uzun illərdir ki, pambıqçılıq sahəsində çalışır. Fermer bu sahədə yaxşı təcrübə toplayıb. Becərmə dövründə bildiklərini tətbiq etdiyindən hər il yüksək məhsuldarlığa nail olub. Ötən il 59 ton məhsul istehsal edən torpaq mülkiyyətçisi bu il sahəsini daha da genişləndirib.

“Bu il 300 hektar sahədə məhsul yetişdirmişəm. Pambığı əl ilə toplayıram. İndiyədək sahədən 18 tondan çox məhsul götürmüşəm. Yığım apardığım sahənin hər hektarının məhsuldarlığı 25 sentnerdən çox olub. Təxmini hesablamama görə cari ildə plantasiyadan 75 tondan çox məhsul götürəcəm”,- deyə fermer bildirib.

Qeyd edək ki, neftçalalı pambıqçılar bu il becərdikləri sahələrdən 14 min ton məhsul götürməyi qarşıya məqsəd qoyublar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.