REGİONLAR


Neftçalada bu il də taxıl sahələrindən bol məhsul gözlənilir VİDEO

Neftçala, 14 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC 

Respublikamızda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatı ilə yanaşı, həm də heyvandarlığın qüvvəli yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Ölkəmizdə taxılçılığın inkişafına təkan verən rayonlardan biri də Neftçala rayonudur.

AZƏRTAC xəbər verir ki, Neftçalada fərdi fermer təsərrüfatlarında taxıl əkini artıq başa çatıb. Ötənilki məhsuldarlıqdan razı qalan təsərrüfat sahibləri bu il taxıl sahələrindən daha çox məhsul götürmək niyyətindədirlər. Qeyd edək ki, ötən il Neftçalada 39 min 386 hektar sahədə taxıl əkini aparılıb. Bunun 31404 hektarını arpa, 7982 hektarını isə buğda sahəsi təşkil edib. Sahələrdən, ümumilikdə, 111 min 603 ton məhsul yığılıb.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elman Məmmədov bildirib ki, bu il əkin sahələri artırılıb: “Rayonda 40 min 592 hektar sahədə taxıl əkilib. Bunun da 5 min hektardan çoxu buğda sahəsidir. Qalanını isə arpa təşkil edir. Çalışacağıq ki, məhsulumuz bu il də bol olsun”.

Otuz ildən çoxdur ömrünü torpağa bağlayan fermer Vidadi Bağırov dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhrələndiyini deyir. Ötən ilin məhsuldarlığından razı qalan təsərrüfat sahibi bu il taxıl sahəsini daha da artırıb: “Ötən il 5 hektar arpa, 5 hektar buğda əkmişdim. Arpa sahəsinin orta məhsuldarlığı 30,5, buğda sahəsinin isə 32,9 sentner oldu. Bu il 12 hektar taxıl əkmişəm, sahələrdən daha çox məhsul gözlənilir. Çünki aqrotexniki qaydalara düzgün əməl etmişik. Dövlətimizdən də razıyıq. Kənd zəhmətkeşləri üçün əlverişli şərait yaradılıb, güzəştlər və subsidiya qaydaları yenilənib. Bütün bunlar məhsuldarlığın bol olmasına zəmin yaradır”.

Hazırda sahələrdə çıxış vəziyyəti yaxşıdır. Mütəxəssislər qeyd edirlər ki, bu, yüksək məhsuldarlıqdan xəbər verir. Məhsul istehsalçıları yarım təsərrüfat ilində daha yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. Əkin zamanı daha çox rayonlaşdırılmış məhsuldar toxum sortlarına üstünlük verilib. Sahələrdə hələlik xəstəlik və ziyanvericilərə rast gəlinməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.