REGİONLAR
Neftçalada əhalinin kütləvi pulsuz tibbi müayinəsi başa çatıb
Neftçala, 15 may, Mahir Babayev, AZƏRTAC
Neftçalada əhalinin pulsuz tibbi-profilaktik müayinəsi başa çatıb. Bu ilin fevralın 15-dən başlayan aksiya çərçivəsində rayon üzrə 59 min 287 nəfər sakin kütləvi dispanserizasiyadan keçirilib.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayonun 52 yaşayış məntəqəsi və 83 kollektivində humanitar aksiyanın müvəffəqiyyətlə başa çatdırılmasında rayon mərkəzi xəstəxanası, 15 tibb məntəqəsi və bir kənd xəstəxanasında çalışan 100-dən çox həkim və orta tibb işçisi, poliklinika şöbəsində yaradılan 3 həkim briqadasının üzvləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Müayinələr zamanı 1642 nəfər ambulator, 13 nəfər stasionar müalicəyə cəlb olunub, 5 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 16 xəstə isə müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
Tibbi profilaktik müayinədə iştirak edən vətəndaşlar humanitar aksiyanın təşkilini ölkəmizdə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.