REGİONLAR
Neftçalada ət və süd istehsalında artım qeydə alınıb
Neftçala, 10 iyun, Mahir Babayev, AZƏRTAC
Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət və süd istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda heyvandarlıq və fərdi təsərrüfatlarda 42 min 727 baş mal-qara və 138 min baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 388 baş təşkil edir. İyunun 1-dək rayonda 5 min 128,9 ton ət (diri çəkidə), 10 min 77,3 ton süd, 3 min 611,9 quş əti, 9 milyon 118 min ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı 1,3 faiz, quş əti istehsalı isə 2,5 faiz artıb.