REGİONLAR
Neftçalada indiyədək 369 tondan çox meyvə tədarük olunub
Neftçala, 6 iyul, Mahir Babayev, AZƏRTAC
Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayondakı 591,7 hektar meyvə bağından 1849 ton məhsul tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəz olunub. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. Qısa müddətdə bağlardan 369,5 ton meyvə yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Tədarük olunmuş meyvənin 68 tonu alma, 18,2 tonu armud, 51 tonu ərik, 9,1 tonu albalı, 9,5 tonu şaftalı, 45 tonu gavalı, 166,5 tonu alça, 2,2 tonu gilas meyvəsidir.
Rayonda meyvə yığımının sürəti günbəgün artır.