REGİONLAR
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib
Neftçala, 11 dekabr, Mahir Babayev, AZƏRTAC.
Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini uğurla davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 121 min 317 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kompaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 44 min 198 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 36 min 50 hektar sahəyə toxum səpiblər ki, bunun da 29 min 485 hektarı arpa, 6 min 565 hektarı isə buğda sahələridir. Rayonun Xəzərkənd, Sarıqamış, Xolqaraqaşlı və Xolqarabucaq kəndlərində fəaliyyət göstərən fermerlərin ilkin səpin apardıqları sahələrdə yaxşı bitiş alınıb. Torpaq mülkiyyətçiləri səpin kompaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər edirlər.
Qeyd edək ki, ötən il Neftçalada 51 min hektar sahədə payızlıq taxıl əkilib.